2023-06-26

Parisdəki Zəfər tağı qarşısında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib

Paris, 26 iyun, AZƏRTAC

Fransanın paytaxtı Parisdəki Zəfər tağı qarşısında 26 İyun - Silahlı Qüvvələri Günü təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə döyüş musiqisi sədaları altında Azərbaycan və Fransanın Dövlət bayraqları əraziyə gətirilib.

"Zəfər tağı altında məşəl, Milli məşəl" təşkilatının generalı Anri dö Rokföy, Azərbaycan səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik leytenant Cavid Abdullayev və tədbirin fəxri iştirakçılarına buradakı naməlum əsgər və bu il 100 illiyi qeyd edilən əbədi məşəl haqqında məlumat verilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva naməlum əsgərin məzarı önünə əklil qoyub və həlak olanların xatirəsinə şərəf meydanında əbədi məşəli alovlandırıb. Vətən uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Orkestrin ifasında Azərbaycan və Fransanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan səfiri Zəfər tağı altında fəxri kitaba ürək sözlərini yazıb.

Tədbirdə Fransada Birinci və İkinci Dünya müharibələri qəhrəmanlarının xatirəsini əbədiləşdirən assosiasiya, federasiya və fondların rəhbərləri və nümayəndələri, fransız generallar, Azərbaycan səfirliyinin diplomatları iştirak ediblər.

Qeyd edək ki, “Zəfər Tağı altında məşəl, Milli məşəl” təşkilatı 1901-ci il qanunu ilə idarə olunan assosiasiyalar birliyidir və 500 yaxın assosiasiyanı birləşdirir. Könüllü əsasda fəaliyyət göstərən təşkilatın təşəbbüsü ilə keçmiş döyüşçülərin xatirəsinə yaradılmış 150 assosiasiyanın rotasiyası formatında hər axşam rəsmi şəkildə Vətən uğrunda həlak olanların xatirəsi anılır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2676052

Arxiv üzrə axtarış