“İRS” jurnalının fransız dilində növbəti buraxılışı işıq üzü görüb
Paris, 5 sentyabr, AZƏRTAC
“İRS” jurnalının fransız dilində növbəti buraxılışı nəşr olunub. Jurnalın bu nömrəsində Azərbaycan maddi-mədəni irsinə, qədim tarixinə, müasir inkişafına, ədəbiyyatına, azad edilmiş ərazilərdəki quruculuq işlərinə, dünya siyasətindəki uğurlarına, görməli-gəzməli yerlərinə həsr olunmuş məqalələr yer alıb.
AZƏRTAC xəbər verir ki, jurnalda səfir Leyla Abdullayevanın Azərbaycan-Fransa münasibətlərinin tarixindən bəhs edən məqaləsi oxucuların diqqətinə çatdırılıb. Eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın incisi və hərbi-strateji əhəmiyyətə malik qədim Şuşa şəhərinə həsr olunmuş məqalə də dərc olunub.
Müasir Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən məqalə yer alıb.
Jurnalın fransızca buraxılışında Ermənistandan qovulmuş azərbaycanlılardan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərindən, milli teatr və musiqimizdən və Fikrət Əmirovdan bəhs edən məqalələr dərc olunub. Jurnalda dərc olunmuş məqalələr zəngin fotoillüstrativ materiallarla əhatə olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
https://azertag.az/xeber/irs_jurnalinin_fransiz_dilinde_novbeti_buraxilisi_isiq_uzu_gorub-2745476