2023-09-27

Vətən müharibəsi şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində anılıb

Paris, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycanda elan edilmiş 27 sentyabr - Anım Günü ilə əlaqədar ölkəmizin hüdudlarından kənarda da tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ölkəmizin Fransadakı səfirliyində də anılıb.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Leyla Abdullayeva çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başlamasından, xalqımızın Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşməsindən danışıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi, xalqımız ümdə arzusuna qovuşdu. Azərbaycanın müstəqilliyini, Vətənimizin ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda canlarından keçmiş şəhidlərimizin xatirəsi yaddaşımızda əbədi həkk olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/veten_muharibesi_sehidlerinin_xatiresi_azerbaycanin_fransadaki_sefirliyinde_anilib-2765509

Arxiv üzrə axtarış