Səfir: Ermənistanı silahlandırmaqla bu ölkədəki revanşist ideologiyanı dəstəkləyən Fransa vasitəçilikdən danışa bilməz
Paris, 11 noyabr, AZƏRTAC
Suveren əraziləri üzərində nəzarətini bərpa edən Azərbaycan beynəlxalq hüquqla ona aid olanı özünə qaytarıb. Sözügedən bütün ərazilərin Azərbaycana aid olmasını beynəlxalq ictimaiyyət də təsdiqləyib. Biz sülhün tərəfdarıyıq. Bu, Azərbaycanın dəyişməz mövqeyidir. Azərbaycan iki ölkə arasında birbaşa dialoqun tərəfdarıdır.
Bu sözləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilmiş, Ermənistanın və Gürcüstanın baş nazirlərinin də çıxış etdikləri “Rəqabətdə əməkdaşlıq perspektivləri: Sülh və daha təhlükəsiz dünyanın qurulması – Qafqaz nümunəsi” adlı panelin moderatoru, sabiq səfir Mişel Düklonun (Michel Duclos) regiondakı vəziyyətlə bağlı fikirlərinə cavab olaraq söyləyib.
Qranada görüşünə dair söylənilənlərə toxunan diplomat bildirib ki, Azərbaycan Prezidentinin bu səfərlə bağlı açıqlaması ictimai şəkildə bəyan edildi. Qranada görüşü ərəfəsində Fransa xarici işlər nazirini Ermənistana göndərir və oradan bəyanat verir ki, bu ölkəni silahlandıracaq, rəsmi İrəvana silah satacaq. Doğrudanmı silah satmaq sülhün bərpasına, münasibətlərin normallaşmasına xidmət edir? Ermənistanı silahlandırmaq bu ölkədəki revanşist ideologiyanı dəstəkləmək deyilmi? Ermənistanı silahlandıran Fransa vasitəçi olmaq istəyir.
Məhz Qranada görüşü ərəfəsində Fransa elan etdi ki, Azərbaycan ilə Ermənistan arasında vasitəçi olmaq istəyir və görüşdə iştirak edəcək. Ermənipərəstliyini, tərəfkeşliyini, bu ölkəyə silah satacağını açıq şəkildə göstərən ölkə hələ vasitəçilikdən də danışır. Həmçinin o görüşdə Türkiyə Prezidentinin iştirakına qarşı çıxıldı. Belə vəziyyətdə hansı vasitəçilikdən, hansı formatdan söhbət gedə bilər?! Bu ölkə hansı vasitəçilikdən danışa bilər?!
Səfir, eyni zamanda, qeyd edib: “Digər məsələ isə odur ki, Azərbaycan sülhün, normallaşmanın tərəfdarı olmaqla bərabər, 2020-ci ildə müharibədən dərhal sonra sülhün, münasibətlərin normallaşdırılmasının təşəbbüskarıdır. Azərbaycanın mövqeyi regionda davamlı sülhün təmin edilməsidir”.
Qeyd edək ki, rəqabətin gücləndiyi və qütbləşmənin getdikcə artdığı dünyada beynəlxalq ictimaiyyətin ümumi çağırışlarının birgə həlli yollarının tapılması bu gün daha çox aktual olub. Bu gün planetimizdə ən şiddətli münaqişələr yaşanır, münaqişələrin təsir zonalarında 2 milyard insan yaşayır, yüz milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Belə bir vaxtda təcavüzkar Ermənistanın daxili revanşist ideologiyasına dəstək kimi bu ölkəni silahlandırmağı açıq şəkildə bəyan edən Fransa 6-cı “Sülh Forumu”na ev sahibliyi edir.
Forum çərçivəsində Qafqaz regionunda mövcud çağırışlar, geosiyasi gərginliklər və davam edən münaqişələr barədə fikir mübadilələri aparmaq, sülh naminə işləmək və münaqişələrin qarşısını almaq üçün mümkün yollar haqqında danışmaq məqsədilə Ermənistanın və Gürcüstanın baş nazirləri – Nikol Paşinyanın və İrakli Qaribaşvilinin qatıldıqları “Rəqabətdə əməkdaşlıq perspektivləri: Sülh və daha təhlükəsiz dünyanın qurulması – Qafqaz nümunəsi” adlı paneli keçirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan nala-mıxa vura-vura yenə də Azərbaycana qarşı qərəzli fikirlər söyləyib. Ancaq bu fikirlər arasında ən çox diqqət çəkən onun Qərbi Azərbaycan Konsepsiyası ilə bağlı dedikləri olub.
Leyla Abdullayevanın çıxışından sonra N. Paşinyan səfirin çıxışı ilə heç bir əlaqəsi olmayan Qərbi Azərbaycan Konsepsiyasından danışmağa başlayıb. Azərbaycanda təbliğ olunan, hazırkı Ermənistan ərazisinin Qərbi Azərbaycan ərazisi olması ideyasının, Ermənistana qarşı yeni müharibəyə hazırlıq konsepsiyası olduğunu səsləndirib. N. Paşinyan bu qorxusu ilə özü də bilmədən Ermənistan ərazilərinin qədim Azərbaycan torpaqları olduğunu təsdiqləyir. Onu qorxudan ərazi bütövlüyünü bərpa edən Azərbaycanın qədimi torpaqlarını da geri qaytaracaq. Azərbaycan ona məxsus olan hər şeyi bərpa edir. İndiki Ermənistan ərazisi də qədim Azərbaycan torpaqları olub, deməli, bu torpaqların qaytarılması labüdlüyü də yaranır. Əslində, Paşinyan ilk dəfə məntiqi fikirləşərək, Azərbaycanın qədim torpaqlarını qaytaracağına inanır. Bəzi prinsipləri sadalayan Paşinyan sülh müqaviləsinin imzalanmasından da danışıb.
Gürcüstanın Baş naziri İ. Qaribaşvili isə ölkəsinin həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlərinin mövcud olduğunu bildirərək, liderlər arasında qarşılıqlı inamın olduğunu diqqətə çatdırıb. O, ölkəsinin bölgə xalqlarının ümumi rifahı naminə regionda davamlı sülh və sabitliyin tərəfdarı olduğunu qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
https://azertag.az/xeber/sefir_ermenistani_silahlandirmaqla_bu_olkedeki_revansist_ideologiyani_destekleyen_fransa_vasitechilikden_danisa_bilmez-2821486