2023-11-15

Parisdə Cənubi Qafqazda sülh perspektivlərinə həsr edilmiş konfrans

Paris, 15 noyabr, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh perspektivləri: Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlardan üç il sonra çağırışlar və imkanlar” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən fransız professorlar, tədqiqatçılar, siyasətçilər, vəkillər və hüquqşünaslar Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Konfransda, həmçinin Fransa ilə münasibətlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri diqqətə çatdırılıb. Azərbaycanla bağlı, eləcə də regiondakı həqiqətlərin fransız ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən söz açılıb, davamlı sülhün bərpasının vacibliyi vurğulanıb.

Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycanın rəsmi mövqeyindən, Ermənistanla münasibətlərin normallaşması, eləcə də bölgədə sülh quruculuğu istiqamətində görülən işlərdən, azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma prosesindən danışıb, regionun gələcəyi ilə bağlı ölkəmizin baxışlarını bölüşüb.

Şəhla Ağalarova
 
AZƏRTAC-ın xüsusi müxbiri
 
Paris
 
https://azertag.az/xeber/parisde_cenubi_qafqazda_sulh_perspektivlerine_hesr_edilmis_konfrans-2825065

Arxiv üzrə axtarış