Parisdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb
Paris, 26 fevral, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş “13” bədii sənədli filmi nümayiş etdirilib. Filmdə Xocalı faciəsi zamanı ermənilərin əsir götürdükləri mülki əhaliyə verdiyi işgəncələrdən və itkin düşmüş 13 nəfərin naməlum taleyindən bəhs olunub.
Ekran əsəri 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Qeyd olunur ki, Xocalı soyqırımı zamanı iki gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılıb. Orada erməni müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr veriblər. Fermada saxlanılan girovların içərisindən 13 nəfərin taleyi bu gün də naməlum olaraq qalır.
Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, ölkəmizin qan yaddaşına daxil olan Xocalı qətliamının Ermənistan silahlı qüvvələri tərəfindən törədilən insanlıq əleyhinə cinayət aktı və soyqırımı olduğunu, bu cinayəti törədənlərin hüquq qarşısında cavab verəcəklərini vurğulayıb.
“Bu il ilk dəfədir ki, Xocalı qurbanlarının xatirəsi azad edilmiş Xocalı şəhərində də anılıb və bu, Azərbaycan xalqı üçün böyük önəm kəsb edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib”, - deyə L.Abdullayeva bildirib. Səfir Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmaları üçün dövlətimiz tərəfindən beynəlxalq hüquq çərçivəsində atılan addımların nəticə verəcəyinə əminliyini ifadə edib.
Səfirliyin hərbi attaşesi, polkovnik leytenant Cavid Abdullayev Azərbaycan Ordusunun qısa zamanda inkişafından, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışıb. Bildirib ki, Müzəffər Ordumuzla bütün xalqımız qürur duyur.
Tədbir çərçivəsində, həmçinin Fransada təhsil alan azərbaycanlı musiqiçi Ağarəhim Quliyevin Xocalı qurbanlarının əziz xatirəsinə həsr etdiyi musiqisi və videoçarxı nümayiş olunub.
Tədbirdə ölkəmizin Fransadakı diplomatik nümayəndəliklərinin üzvləri, diaspor fəalları, yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, fevralın 27-də Mədəniyyət Mərkəzində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə fransız ictimaiyyəti üçün “Şuşa həbsxanası – işgəncə qalası” adlı sənədli filmin nümayişi keçiriləcək.
https://azertag.az/xeber/parisde_xocali_faciesi_qurbanlarinin_xatiresi_ehtiramla_anilib-2934465