2024-02-29

Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub

Paris, 28 fevral, AZƏRTAC

Parisdə, Azərbaycanın səfirliyinin Mədəniyyət Mərkəzində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində çıxış edən səfir Leyla Abdullayeva iştirakçılara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. Diplomat Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş anım tədbirində iştiraklarına görə Fransa ictimaiyyətinin nümayəndələrinə dərin təşəkkürünü bildirib.

L.Abdullayeva vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bunun nəticəsidir ki, bu il Xocalı soyqırımı qurbanlarının xatirəsi ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində, xüsusilə də Xocalıda ehtiramla anılıb.

Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Qeyd olunub ki, Xocalı qurbanlarının qatilləri ədalət məhkəməsi qarşısında cavab verənədək belə fəaliyyətlər, tədbirlər davam etdiriləcək.

“Azərbaycan ədalət çağırışları edir, bu çağırışlar unudulmamalıdır. Bu çağırışlar məhz gələcəkdə belə faciələrin qarşısını almaq və insanlıq əleyhinə belə cinayətlərin təkrarlanmaması üçün Xocalı soyqırımı yaddaşlarda həkk olunmalıdır”, - deyə səfirə əlavə edib. Münaqişənin başa çatdığını, Azərbaycanın azad olunmuş ərazilərində böyük quruculuq işlərinin aparıldığını xatırladan diplomat keçmiş məcburi köçkünlərin artıq mərhələlərlə doğma evlərinə qayıtdıqlarını diqqətə çatdırıb. Deyib ki, Azərbaycanın məqsədi ədaləti bərpa etmək, regionda davamlı sülhə nail olmaq və onu qoruyub saxlamaqdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov çıxışında dövlətimizin başçısının əsir-girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məsələyə daim xüsusi həssaslıqla yanaşdığını bildirib. O, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Xocalı soyqırımı da daxil olmaqla, Qarabağ münaqişəsi dövründə 4 minədək insan itkin düşüb və onların taleyindən hələ də xəbər yoxdur. Ermənistan bu insanlar haqqında məlumat vermir. O, əsir və itkin düşmüş, girov götürülmüş insanların axtarışlarına dair aparılan işlərdən söz açıb, kütləvi məzarlıqlarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesindən danışıb.

Jurnalist Jan-Mişel lö Brən Şuşaya səfəri zamanı işğal dövründə ermənilərin törətdikləri dəhşətli mənzərənin şahidi olmasından, Şuşa haqqında yazdığı kitabdan söz açıb.

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilati dəstəyi ilə hazırlanmış, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı birləşmələri tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılmış 3 azərbaycanlı əsirin orada məruz qaldıqları dəhşətli məhrumiyyətlərdən bəhs edən “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli film nümayiş olunub. Filmdə Şuşa həbsxanasında ermənilərin işgəncələrindən qurtulmuş şahidlər acı xatirələrini bölüşüb, ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrdən danışıblar.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində fransız elm adamları, jurnalistlər, vəkillər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

https://azertag.az/xeber/parisde_isgenceler_mebedi___susa_hebsxanasi_senedli_filmi_numayis_olunub_video-2936231

Arxiv üzrə axtarış