2024-10-19

Parisdə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü təntənə ilə qeyd olunub

Paris, 19 oktyabr, AZƏRTAC

Parisdə Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının 33-cü ildönümü konsert proqramı ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Leyla Abdullayeva xalqımızın bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdiyini bildirib. Qeyd edib ki, müstəqilliyinin ilk illərində ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı.

Diplomat vurğulayıb ki, müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox vacib rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ümummilli Lider Heydər Əliyevin müdrik xarici və daxili siyasəti Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində onun strateji kursunu uğurla davam etdirir. Azərbaycan yerləşdiyi regionda cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Azərbaycan regionun lider dövlətidir. Ölkədə Şərq ruhu və Qərb modelinin, Şərq ənənələri və Qərb inkişafının ahəngdarlığı çox uğurlu şəkildə tarazlaşdırılıb.

Səfir qeyd edib ki, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bu gün sülh axtarışı yolundadır və bu yol asan deyil. Azərbaycan davamlı və möhkəm sülh istəyir. “Sülh yalnız müharibənin olmaması deyil. Sülh bir fəzilətdir, ruh halıdır, xeyirxahlığa meyil və ədalətə inamdır. Davamlı sülhə nail olmaq üçün bütün maneələr, hətta ən sonuncular da aradan qaldırılmalıdır”, - deyə səfir vurğulayıb.

Azərbaycan səfiri müstəqilliyimizin bərpasının 33-cü ildönümünün xüsusi konsertlə qeyd olunduğunu deyərək, konsertdə səsləndiriləcək əsərlərin müəllifi Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun yaradıcılığı haqqında məlumat verib.

“Qəlbin telləri” adlı konsert proqramında Səidə Zülfüqarova (piano), Omo Bello (soprano), Giyom Martine (violonçel) və Sipryen Brod (skripka) bəstəkar Oqtay Zülfüqarovun əsərlərini səsləndiriblər.

Tədbirdə Parisdə akkreditasiya olmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, mədəniyyət və incəsənət, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

https://azertag.az/xeber/parisde_azerbaycanin_musteqilliyinin_berpasi_gunu_tentene_ile_qeyd_olunub_video-3236256

Arxiv üzrə axtarış