2025-06-02

Parisdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirələri ehtiramla anılıb

Paris, 29 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək, onların Parisdə və Paris ətrafındakı qəbiristanlıqlardakı məzarlarını ziyarət ediblər. Cümhuriyyət qurucularının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun, milli hökumətin rəsmi qəzeti “Azərbaycan”nın naşiri, məşhur bəstəkar Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin, eləcə də Paris ətrafındakı Bobini (Bobigny) müsəlman qəbiristanlığında dəfn edilmiş, ilk hökumətin ticarət və sənaye naziri olmuş, parlamentin və nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamov və 3-cü hökumətin ticarət və sənaye naziri vəzifəsini icra etmiş Mirzə Əsədullayevin xatirələri anılaraq, məzarları üzərinə əklil qoyulub.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, ölkəmizin UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev və səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev çıxışlarında bildiriblər ki, XX əsrin əvvəllərində dünyada və bölgədə mövcud olmuş mürəkkəb və ağır tarixi siyasi şəraitə baxmayaraq, demokratik ideyalara və prinsiplərə əsaslanan müstəqil dövlətin yaradılmasına nail olunması bir daha xalqımızın böyüklüyündən, azadlıqsevərliyindən, müstəqil yaşamağa və dövlətçilik ənənələrini bərpa etməyə qadir olmasından xəbər verirdi. Qısa zamanda mövcud olmasına baxmayaraq, Cümhuriyyət dövründə görülən işlər və əldə edilən zəngin dövlət quruculuğu təcrübəsi ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Qeyd olunub ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyəti qurucularının əsas məqsədi bu gənc dövləti dünyaya tanıtmaq olub. Elə bu məqsədlə də ilk Azərbaycan Respublikasını təmsil etmiş nümayəndə heyətinin üzvləri Birinci Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədilə çağırılan Paris Sülh Konfransına qatılıblar.

Cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görüb və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışıb.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub. Bu gün Cümhuriyyət qurucularının ruhları şaddır. Tariximizdə ilkə imza atmaqla torpaqlarımızı işğaldan azad edərək Vətəni birləşdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Əsrin əvvəllərində endirilən və 70 il məhbus həyatını yaşamış mübarək Azərbaycan Bayrağı bu gün Vətən səmasında dalğalanmaqla könlümüzü oxşayır. Bayrağımız həmişə yüksəklikdədir, azadlığımız isə əbədidir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/parisde_azerbaycan_xalq_cumhuriyyeti_qurucularinin_xatireleri_ehtiramla_anilib_video-3583839

Arxiv üzrə axtarış