Füzulinin “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilib
Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin adına göndərilən məktubda bildirilir.
Təşkilatın universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən göndərilən məktubda deyilir: “UNESCO-nun baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor tərəfindən Məhəmməd Füzulinin “Divan”ının əlyazmasının surətinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə əlavə olunmasının təsdiqlənməsi haqqında məlumatı verməkdən məmnunluq duyuram. Baş direktor tərəfindən imzalanmış sertifikatı sizə göndəririk. Bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir və bəşəriyyət üçün qorunmasının əhəmiyyətini vurğulayır. Bu, həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun mümkün qədər çox insan üçün əlçatan olmasına şəraitin yaradılması məqsədilə qorunmasına diqqət yetirmək baxımından mükəmməl imkan yaradır”.
Məktubda Azərbaycan tərəfi Mədəni İrs Ofisinin xüsusi mərasimində və ya digər müvafiq tədbirlər təşkil edərək xatirə lövhəsi vasitəsilə sertifikatın “Dünya Yaddaşı”nın bir hissəsi kimi təyinatını ictimaiyyətə açıqlamağa dəvət olunur.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır.
Ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıyan bu əlamətdar hadisənin təqdimat mərasimi AMEA və UNESCO-nun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasında keçiriləcək.